Avropa Liqasında günün ən dramatik və məhsuldar oyunu Sevilyada olub. Yerli “Betis” klubu “Seltik”lə qarşılaşmada əzmkar qələbə qazanıb. Görüşə sürətli başlayan Şotlandiya komandası yarımsaat ərzində 2 qol vurub. Albian Ayeti və Yosip Yuranoviç qapını dəqiq nişan alıb. Amma meydan sahiblıri fasiləyə kimi tarazlığı bərpa edə biliblər. Xuan Miranda yerli azarkeşləri ümidləndirib. Xunmi isə hesabı bərabərləşdirib - 2:2. Fasilədən sonra meydan sahibləri daha 2 qol vurublar. Əvvəlcə Borxa İqlesias ardınca Xuanmi hədəfdən yayınmayıb. Oyunun sonunda Entoni Ralstoun hesab arasındakı fərqi minimuma endirib. Beləliklə 7 qolun vurulduğu qarşılaşma “Betis”in 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyanın digər komandası “Real Sosyedad” isə Eyndhovendə PSV-nin qonağı olub. Görüşdə hesabı Niderland klubu açıb. Mario Götze topu qapıdan keçirib. Amma hissənin sonuna kimi qonaqlar hesabı xeyirlərinə dəyişə biliblər. Adnan Yanuzay tarazlığı bərpa edib. Ardınca Aleksandr İsaak qapını dəqiq nişan alıb. Fasilədən sonra Eyndhoven klubu məğlubiyyətdən xilas olub. Kodi Qakpo son nöqtəni qoyub - 2:2.
Günün maraqla gözlənilən qarşılaşmalarından biri Britaniyada keçirilib. “Lester” doğma arenada “Napoli”ni qəbul edib. Meydan sahibləri Ayoze Peresin vurduğu qol sayəsində fasiləyə minimal hesablı üstünlüklə yollanıblar. 2-ci hissədə “Lester” futbolçuları daha bir dəfə fərqləniblər. Harvi Barns hədəfdən yayınmayıb. Amma meydan sahibləri üstünlüklərini qoruya bilməyiblər. Görüşün qəhrəmanı Viktor Osimhen olub. Nigeriyalı forvard qalan vaxt ərzində 2 qol vuraraq komandasını məğlubiyyətdən xilas edib – “Lester” – “Napoli” 2:2.